Lukaşenko sovet dövründən qorunub saxlanılan və təkmilləşdirilmiş texnologiyaları Pakistanla paylaşacağına söz verdi. Tərəflər nəqliyyat kommunikasiyasının inkişafına dair memorandum imzaladılar. Ancaq rəsmi məlumata tam inanmaq sadəlövhlük olar. Rəsmi məlumatda qeyd olunub ki, Belarus prezidenti pakistanlılara ölkəsinin kənd təsərrüfatı texnikasını tanıtmaq və Şərifə 2 “Belarus” traktoru hədiyyə etmək üçün İslamabadda 3 iş günü keçirib.
Bəlkə də təsadüfi deyil ki, Lukaşenko Pakistanın paytaxtına keçmiş Baş nazir İmran Xanın on minlərlə tərəfdarının polis və ordunun qurduğu sədləri aşaraq, İslamabadın mərkəzi hissələrinə hücum etdiyi bir gündə gəlib. Toqquşmalar qeydə alınıb, hər iki tərəfdən insan itkiləri var. Hakimiyyət etirazçıları paytaxt ətrafına sıxışdıra bilsə də, daxili “partlayış” təhlükəsi sovuşmayıb.
Bu fonda Belarus prezidenti pakistanlıları vətənlərini qoruyub saxlamağa çağırıb. O, dünyanın təlatümlərindən danışıb və vurğulayıb ki, güclülər ağalıq etməyə, zəiflərə hökmranlıq etməyə çalışırlar və birləşən ölkələr xilas olacaqlar. Bu çıxışdan sonra Lukaşenko səfərinin əsas məqsədini müəyyən qədər açıqlayıb. O, Pakistan ictimaiyyətinə müraciət edərək, vəziyyəti belə xarakterizə edib: “Görürsünüz ki, ABŞ, Böyük Britaniya, qonşunuz Hindistan Asiya-Sakit okean regionunun NATO-sunu yaratmağa can atırlar”.
Belarus prezidenti bildirib ki, Pakistan dinc inkişafda maraqlı olmaqla, bu layihədə təbii olaraq maraqlı deyil. O, İslamabadda baş verən iğtişaşları bununla izah edib: “Sizi daim yelləyəcəklər, vəziyyəti gərginləşdirəcəklər, buna görə də ölkənizin qayğısına qalın”. Lukaşenkonun bəyanatının kontekstindən belə anlaşılır ki, o, İslamabada Avrasiya məkanında vahid və bölünməz təhlükəsizlik sisteminin sözçüsü kimi göndərilib.
Üstəlik, o, Rusiyanın Hindistanla bu məsələdə ciddi problemlərinin olduğunu açıqlayıb. Belarus prezidenti Nyu-Dehlinin ABŞ və Böyük Britaniya ilə hərbi-siyasi ittifaq yaratmağa hazır olduğunu və bunun Pakistanın maraqlarına qarşı yönəldiyini açıq şəkildə bildirib. Pakistanın Azərbaycanla çox dərin hərbi əməkdaşlığı var. Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndə heyəti bu yaxınlarda İslamabada səfər edib.
Pakistan döyüş təyyarələrinin tədarükü həyata keçiriləcək. Lukaşenko Pakistana hərbi texnologiyaları da paylaşmağı təklif edib. Belarusun Azərbaycanla zəngin hərbi-texnoloji əməkdaşlıq təcrübəsi var. Heç də istisna deyil ki, İslamabadla Minskin proqramları vasitəçiliklə həyata keçirilir və ya artıq Azərbaycanın vasitəçiliyi ilə həyata keçirilib. Rəsmi Bakının müttəfiqlərini birləşdirməyə, təhlükəsizlik sisteminin daha da dayanıqlı olmasına çalışması normaldır. Lakin bu hal təbii ki, əks qüvvələri qıcıqlandırır ki, bununla da onların revanşist niyyətləri ortaya çıxır.
Asif Cəfərov
Ordu.az